Analizlər xarici ölkələrə necə göndərilir?

14-May-2019, 14:35 6
Analizlər xarici ölkələrə necə göndərilir? Azərbaycanda bir çox tibb müəssisəsi və laboratoriyaların vətəndaşlardan götürülən analizləri daha dəqiq nəticələrinin alınması üçün xaricdəki nüfuzlu xəstəxanalara göndərdiyi hər kəsə məlumdur.

Bəs xarici ölkəyə göndərilən analizlərin cavablarının dəqiqliyinə təminat verilirmi? Analizlərin ölkədən xaricə göndərilməsi hansı şəraitdə həyata keçirilir?

Vətəndaşlara bu xidməti təklif edən laboratoriyalardan birinin, Mərkəzi Neftçilər Xəstəxanasının Laboratoriyasının müdiri, biokimya üzrə mütəxəssis Eldar Əliyevin sözlərinə görə, analizlərin xaricə göndərilməsi prosesi bir neçə istiqamətdə baş tutur. Öncə analizin konkret istiqaməti müəyyən edilir. Bunun ardınca isə göndəriləcəyi ölkə müəyyənləşdirilir. Əgər göndərilən qan analizidirsə, 24 saat ərzində xaricdəki tibb müəssisəsinə çatdırılır.

Həkim bildirir ki, analiz nümunələri xaricə buz içərisində göndərilir. Göndərilmə zamanı dəyişən temperatur da nəzərə alınır. Əvvəlcədən müəyyən edilir ki, analizin çatdırılacağı ölkədə temperatur neçə dərəcədə olacaq və buna uyğun hesablamalar aparılır.

E. Əliyev deyir ki, hansı analizin bir sutka ərzində, hansının isə daha çox gözlədilə biləcəyi əvvəlcədən bəlli olduğu üçün analizə göndərilən qanın və ya digər nümunənin keyfiyyətini itirməsi mümkün deyil. Həkimin sözlərinə görə, onlar analizləri əsasən Türkiyəyə göndərirlər, lakin həmin analizlərin nəticələri Türkiyədən ABŞ və ya başqa bir üçüncü ölkəyə də göndərilə bilər. Bütün bu proseslər isə müqavilə əsasında həyata keçirilir.

Mütəxəssis əmin edir ki, analizlərin nəticələrinin qarışdırılmaması, keyfiyyətinin təmin olunması və s. kimi prosedurların hamısına xüsusi nəzarət edilir və bütün bunlar imzalanmış müqavilələrdə əksini tapır.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT