Bu qan xəstəliyindən əlillik və ölüm halları azalıb

14-May-2019, 14:36 31
Bu qan xəstəliyindən əlillik və ölüm halları azalıb “Aparılan tədqiqatlara görə, Azərbaycanda talassemiya daşıyıcılığı 5-8 faiz təşkil edir”.

Bunu Respublika Talassemiya Mərkəzində 8 May Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən konfransda mərkəzin Transfuzioloji kabinetinin müdiri Xuraman Cəfərova deyib.

Konfransda çıxış edən Mərkəzin direktoru Valeh Hüseynov bildirib ki, ölkədə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycanın 1-ci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın Mərkəzə olan qayğısını xüsusi vurğulayan direktor bildirib ki, hazırda Mərkəzimizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

Direktorun elmi işlər üzrə müavini, dosent Ramin Bayramlı deyib ki, “Talassemiya ilə mübarizəyə dair 2015/2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.

Qeyd olunub ki, ölkə Prezidentinin “Talassemiya Mərkəzinin Yeni Nəsil Sekvenləşdirmə Laboratoriyası” ilə təmin olunmasına dair imzaladığı sərəncama uyğun olaraq alınan cihaz və avadanlıqlar yaxın günlərdə quraşdırılacaq. Bu sistemlərin Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında yalnız Azərbaycanda olduğu, bununla da Talassemiya Mərkəzinin bölgənin ən mühüm genetik diaqnostika mərkəzinə çevriləcəyi vurğulanıb.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT